“AqroMərkəz” təqdimatı oldu

Bakıda Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin (“AqroMərkəz”) açılışı olub.

Foodinfo.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, özəl və dövlət sektorlarını təmsil edən nümayəndələr iştirak ediblər. Tədbir zamanı Kənd Təsərrüfatı siyasəti üzrə Azərbaycan prezidentin köməkçisi Azər Əmiraslanov, kənd təsərrüfatı nazirin müavini Seyfəddin Talıbov, FAO-nun Bakı ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və “AqroMərkəz”in baş direktoru Pavel Belorusskiy çıxış ediblər.

Açılış mərasimində çıxış edən Azər Əmiraslanov təşkilatçıları “AqroMərkəz”in fəaliyyətə başlaması münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Prezidentin köməkçisi ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə çıxış edən Seyfəddin Talıbov son dövrlər aqrar sahədə baş verən köklü dəyişikliklər, aparılan institusional islahatlar, kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin gücləndirilməsi, həmçinin bu dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsi və dövlət yardımları sahəsində şəffaflığın ən yüksək səviyyədə təmin edilməsi, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflər barədə ətraflı məlumat verib.

Mələk Çakmak “AqroMərkəz”ə fəaliyyətində uğurlar arzulayaraq, Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb.

İbrahim Cəfərov aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, ən müasir  avadanlıqlarla təchiz edilmiş yeni laboratoriyalar, tələbələrə verilən güzəştlər, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi, həmçinin beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək barədə məlumat verib.

Öz növbəsində Pavel Belorusskiy “AqroMərkəz”in gələcəkdəki fəaliyyətindən, ümumi mexanizm və planlarından danışıb.

Spikerlərin çıxışından dərhal sonra tədbirin sual-cavab hissəsi keçirildi və burada tədbir iştirakçıları onlarda “AqroMərkəz” və aqrar sahə ilə bağlı yaranan sualları ünvanlayıblar.

Bildirilib ki, Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi ölkəmizin kənd təsərrüfatı sahəsində peşəkar mütəxəssislərə tələbatını ödəmək məqsədilə 2017-ci ildə yaradılıb. “AqroMərkəz” üç istiqamət – təhsil və təlim, tədqiqat və inkişaf, kənd təsərrüfatı sahəsində yeni müəssisələrin yaradılması istiqamətində fəaliyyət göstərəcək.

Foodinfo.az