“AzQidaSert” beynəlxalq akkreditasiyadan keçib

Bu, Azərbaycanda yerli məhsullara verilən uyğunluq sertifikatlarının Avropa İttifaqı ölkələrində tanınmasını təmin edəcək


Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq yerli sertifikatlaşdırma orqanı olan “AzQidaSert” beynəlxalq akkreditasiyadan keçib.
Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumatda deyilir ki, “AzQidaSert” sertifikatlaşdırma orqanları sırasında beynəlxalq akkreditasiyadan keçmiş ilk orqan olaraq yerli məhsullara təqdim etdiyi sertifikatların Avropada tanınmasına nail olub. Latviya Akkreditasiya Təşkilatının (LATAK) rəhbəri Olqa Veylande sənədi “AzQidaSert”in direktoru Mahmud Yusubova təqdim edib.
Bununla bağlı tədbirdə çıxış edən M.Yusubov sertifikatlaşdırma orqanının fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, orqan kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırması üzrə ixtisaslaşıb, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub.
M.Yusubovun sözlərinə görə, Azərbaycanda qeyri-neft məhsullarının ixrac potensialını gücləndirmək məqsədilə aqrar sektorun inkişafına mühüm önəm verilir: “Bu istiqamətdə pambıqçılıq, baramaçılıq, şərabçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə “AzQidaSert” sertifikatlaşdırma orqanı bu ilin yanvar ayında İSO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara dair tələblər” standartına uyğun olaraq beynəlxalq akkreditasiyadan keçmək üçün Latviyanın Akkreditasiya Təşkilatına (LATAK) müraciət edib. İyun ayında LATAK əməkdaşları sertifikatlaşdırma orqanında qiymətləndirmə aparıb, qiymətləndirmənin nəticələrinə əsasən sertifikatlaşdırma orqanının İSO/İEC 17065:2012 standartının tələblərinə cavab verdiyini müəyyən edərək akkreditasiya olunması barədə müvafiq qərar qəbul ediblər”.
M.Yusubov həmçinin qeyd edib ki, “AzQidaSert” sertifikatlaşdırma orqanı hazırda qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinin sertifikatlaşdırıması sahəsində də beynəlxalq akkreditasiyadan keçmək niyyətindədir.
Tədbirdə çıxış edən Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru vəzifəsinin müvəqqəti icra edən Sabiq Abdullayev isə bildirib ki, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da çıxış edərək istehlakçı hüquqlarının müdafiəsi sahəsində sertifikatlaşmanın rolunun mühüm olduğunu diqqətə çatdırıb.
Latviyanın milli akkreditasiya qurumunun rəhbəri Olqa Veylande Azərbaycanla Latviya arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən məmnun olduğunu qeyd edib. O, keyfiyyət infrastrukturu sahəsində, xüsusən uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Tədbirdə İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsi, “Ərzaq Tədarükü və Təhlükəsizliyi” ASC və digər dövlət, qeyri-hökümət təşkilatı nümayəndələri, həmçinin sahibkarlar iştirak edib.
Məlumat üçün bildirək ki, “AzQidaSert” sertifikatlaşdırma orqanının Latviyanın milli akkreditasiya qurumu tərəfindən akkreditasiya olunması Azərbaycanda yerli məhsullara verilən uyğunluq sertifikatlarının Avropa Birliyi ölkələrində tanınmasını təmin edəcək. Bu, yerli sahibkarların xarici bazarlara çıxarkən əlavə vaxt və maliyyə xərclərinin azaldılması, maneəsiz ixrac imkanlarının genişlənməsinə imkan yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.