Ana-bala birləşib atları kəsdilər – BƏRDƏDƏ

Bərdə sakinlərinin növbəti dəfə qanunsuz at kəsimi ilə məşğul olduqları aşkarlanıb


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 13-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bərdə Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, gizli şəkildə kəsilmiş 2 baş atın mədə-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər, at dırnaqları, 100 kq sümüklü at əti (atın bud ətləri) və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazimatlar aşkar olunub.

Araşdırma zamanı at kəsiminin ev sahibəsi və oğlu Novruzov Niyaməddin Nurəddin oğlunun birgə aparmaları müəyyən edilib. Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində aşkar edilən ümumi çəkisi 100 kq olan at ətinin müayinələri başa çatana kimi müvəqqəti soyuducu kameraya yerləşdirilib. Həyətdə aşkarlanan 2 baş atın mədəd-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər və at dırnaqları isə ərazidən zərərsizləşdirilmək məqsədi ilə götürülüb. Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə, qanunsuz at kəsimi ilə məşğul olan ev sahibi Vəsilə Novruzova və oğlu N. Novruzov barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Bu, son zamanlar ev sahibinin oğulu ilə birlikdə həyata keçirdikləri ikinci belə hadisədir. Novruzova Vəsilə Ərşad qızı 15 sentyabr 2017-ci il tarixində qeyri-qanuni at kəsimi ilə məşğul olduğuna görə ona xəbərdarlıq olunaraq, İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 200 manat miqdarında cərimə olunub. Lakin o və oğlu bundan heç bir nəticə çıxarmayıblar. Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırmalar aparılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

https://www.youtube.com/watch?v=MRJQvNZ8LHU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.